REGİONLAR
Azərbaycanda ilk kənd uşaq musiqi məktəbinin yaranmasından 50 il ötür VİDEO
Ağdam, 11 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kənd uşaq musiqi məktəbi Azərbaycanın ilk kənd uşaq musiqi məktəbi kimi tarixə düşüb. Məktəbin yaranması zərurəti ötən əsrin 60-cı illərində meydana gəlib. Kənd ziyalılarının o vaxtkı yüksək dairələrə müraciətindən sonra 1968-ci ildə kənddə musiqi məktəbi fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri musiqi məktəbində müəllim və şagirdlərlə həmsöhbət olub, təhsil ocağının fəaliyyəti və uğurları ilə maraqlanıb.
Musiqi ocağının ilk məzunlarından olan məktəbin müəllimi Mahir Şükürov bildirib ki, ilk dəfə fortepiano və tar ixtisası üzrə cəmi 18 şagirdlə fəaliyyətə başlayan musiqi məktəbində yarandığı dövrdən indiyədək kifayət qədər musiqiçilər yetişdirilib. Onlar bu gün də ölkəmizin musiqi mədəniyyətinə öz töhfələrini verməkdədir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məktəbin fəaliyyətinə mənfi təsir göstərib. Məktəb binası münaqişənin ilk dövründə qaçqın və məcburi köçkünləri öz qoynuna alıb. Müharibənin ağır vaxtlarında isə “N” saylı hərbi hissənin kazarması olub. Odur ki, 1990-cı illərdə musiqi məktəbi kənddəki uşaq bağçasında fəaliyyət göstərib.
Bütün çətinliklərə baxmayaraq, öz fəaliyyətini davam etdirən musiqi ocağında hazırda 200-dən çox şagirdə 68 müəllim tərəfindən fortepiano, tar, qarmon, nağara, xanəndəlik və balaban ixtisasları üzrə musiqi təhsili verilir. Müəllimlərin, demək olar ki, hamısı məktəbin məzunlarıdır. Kollektiv rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Məktəbin xor kollektivi isə respublika və rayon səviyyəli müsabiqələrdə uğurlu çıxışı ilə tanınır.
Musiqi məktəbinin fortepiano müəllimi Əsmər Şükürova təmas xəttində yerləşən kənddə uşaqların musiqiyə böyük həvəs göstərdiyini bildirib: "Məktəbimizin cəbhə xəttində yerləşməsinə, tez-tez atəş səslərinin eşidilməsinə baxmayaraq, şagirdlərin musiqiyə həvəsi böyükdür. Məzunlarımız Bakı Musiqi Akademiyasına, Azərbaycan Milli Konservatoriyasına və orta ixtisas musiqi məktəblərinə qəbul olurlar. Bütün bunlar isə biz müəllimlərə daha həvəslə işləməyə stimul verir".
Dördüncü sinif şagirdi Könül Quliyevanın ən böyük arzusu fortepiano müəllimi olmaqdır: "Bir sıra müsabiqələrdə nailiyyətlər əldə etmişəm. Musiqini dərindən öyrənməyə çalışıram. İstəyim məktəbi bitirdikdən sonra musiqi təhsilimi davam etdirmək və doğma məktəbimizdə müəllim işləməkdir".
Növbəti müsahibim olan qarmon müəllimi Cəmaləddin Mirzəyev də Qaradağlı kənd uşaq musiqi məktəbinin məzunudur. Ağdam musiqi kollecində təhsilini davam etdirdikdən sonra məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. "Cəbhə bölgəsində yaşayan uşaqlar musiqi məktəbində təhsil almaqla həm incəsənətlə məşğul olur, həm də atəşkəsin tez-tez pozulması nəticəsində yaranan stressdən azad olurlar. Cəbhə xəttinin bir neçə addımlığında yerləşən musiqi məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Məktəbimizdə dərslər hər zaman öz ahəngi ilə gedir. Bunun səbəbi isə Ali Baş Komandana, Azərbaycan Ordusuna olan inamımızdır", - deyə gənc müəllim bildirib.