CƏMİYYƏT
Azərbaycanda məskunlaşan miqrantların inteqrasiyasının aktual məsələləri müzakirə edilib
Bakı, 13 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya Baş İdarəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ölkə ərazisində müvəqqəti və daimi əsaslarla yaşayan miqrantlar, həmçinin qaçqın və sığınacaq axtaran şəxs statusunda olan əcnəbilər iştirak ediblər.
İctimai Birliyin və DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək müzakirəyə çıxarılan mövzunun əhəmiyyəti, həmçinin əcnəbilərin inteqrasiyası və bu sahədə onları maraqlandıran məsələlər barədə danışıb. Ölkə ərazisində məskunlaşan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektlərinə toxunan sədr icra olunan layihənin məqsəd və vəzifələri haqqında məlumat verib, bu sahədə həm dövlət, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən fəaliyyətlərə nəzər salıb.
Azərbaycanla həmsərhəd olan dövlətlərin miqrant qruplarını təmsil edən Firudin İbrahimi (Azərbaycan), Sahand Salmani, Əli Vəkili Razlighi, Əli Şokri, Məsumə Şokruzadə (İran), Telman Məmmədov (Rusiya), Fesih Alioğlu (Türkiyə), Mühterem Öz (Türkiyə), Elmar Həsənov (Gürcüstan) və digərləri ölkə ərazisində yaşayan miqrantların yerli cəmiyyətə inteqrasiyada maraqlı olduqlarını bildiriblər. Tədbir iştirakçıları müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığın əldə edilməsi, bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər məsələlərlə bağlı təkliflərlə çıxış ediblər.
İştirakçılar tərəfindən qaldırılan suallar DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev tərəfindən aidiyyəti üzrə cavablandırılıb.