CƏMİYYƏT
Azərbaycanda qadınlar dövlətin xüsusi qayğısı ilə əhatə olunub
Bakı, 7 mart, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon təşkilatının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bayram münasibətilə qadınları təbrik edərək bildirib ki, ölkəmizdə qadınlar dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasət nəticəsində qadınlar bu gün sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında fəal iştirak edirlər. Onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır.
Qeyd olunub ki, Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, uşaqların təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qazanılmış uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Onun ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxcəhətli fəaliyyəti Azərbaycan qadınının adını yüksəldir. Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən qadınlar yüksək dövlət mükafatları və fəxri adlarla təltif olunur.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti aparatında və elm, təhsil, səhiyyə və digər sahələrdə çalışan fəal qadınlara hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Bayram tədbiri incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.