SİYASƏT
Azərbaycanda siyasi partiyalar üçün yaradılan bərabər imkanlar onların birliyini ərsəyə gətirib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanda siyasi partiyalar üçün yaradılan bərabər imkanlar onların birliyini ərsəyə gətirib. Ümummilli məsələlərdə birlik nümayiş etdirilməsi bilavasitə siyasi sferada həyata keçirilən dünyəvi, demokratik və yenilikçi prinsiplərə təzahür edir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasına münasibət bildirmək, dəstək ifadə etmək isə bu Bəyannamənin nə qədər əhəmiyyətli olmasının, o cümlədən xalqın təhlükəsizliyi, əmin-amanlığı və inkişafı üçün böyük töhfə verəcəyinə olan əminliyin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.
Deputat qeyd edib ki, siyasi partiyaların birgə bəyanatında Bəyannamənin bəndlərinə toxunulub, mənəvi və zəngin kökə malik iki qardaş dövlət üçün əhəmiyyəti xüsusi vurğulanıb. 50-ə yaxın partiyanın operativ şəkildə birləşərək bu məsələdə bir olması hər şeydən öncə xalq birliyinin real nümunəsidir. Bu Bəyannamənin müsbət qiymətləndirilməsi həm də hakimiyyətin uğurlu siyasətinə dəstək olmalarını ifadə etməyin göstəricisidir. Daha bir arqument isə Azərbaycan-Türkiyə dostluq və qardaşlığının siyasətçi və ya qeyri-siyasətçi olmasından asılı olmayaraq hər kəs tərəfindən mənəvi dəyər kimi qəbul edilməsidir.
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri növbəti mərhələyə qaldırdı. Kifayət qədər böyük əhəmiyyətə malik olan bu Bəyannamə həm də tarixi bir hadisədir. Sadə vətəndaşdan tutmuş beynəlxalq beyin mərkəzlərinə qədər hər kəs bu sənədin əhəmiyyətini dərk edir, onun ölkələrimiz və region üçün kifayət qədər vacib olduğunu ifadə edirlər. Vətənini, dövlətini sevən, onun inkişafını və təhlükəsizliyini istəyən hər bir siyasi qüvvə bu sənədi dəstəkləməklə həm də Azərbaycan dövlətinə olan sədaqətlərini göstərirlər. Siyasi partiyaların birgə Bəyanatına imza atmayan partiya rəhbərləri isə təəssüf ki, bütün bunları dərk etməyi bacarmayıb. Başqa cür desək, hər zamankı kimi özlərinin şəxsi ambisiyalarını və hakimiyyət maraqlarını üstün tutublar. Vətən müharibəsi başladığı zaman da biz siyasi partiyaların dəstəyini və birliyini gördük. Əfsuslar olsun istər Vətən müharibəsi zamanı, istərsə də Şuşa Bəyannaməsinə dəstək ifadə edilən zaman bir qrup marginal dəstə özlərini yenə kənara çəkdilər. İşləri yalnız Azərbaycanı qaralamaq, siyasi mühacir alveri etmək, beynəlxalq qrantlar hesabına daxildə sabitliyi pozmaq və s. bu cür çirkin işlərdən ibarət olan bu qüvvələr görəsən nə istəyir? Onların başı pozuq hakimiyyəti nəticəsində ərazilərimiz itirilmiş, həmin vaxtlarda Azərbaycan dövlətinin mövcudluğu sual altına düşmüşdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu marginallar isə hər vəchlə bu Qələbəyə kölgə salmağa çalışır, sərsəm bəyanatlar səsləndirirlər. Onlar hələ də başa düşmürlər ki, Azərbaycan xalqı onları tarixin zibilliyinə tullayıb. Güclü Azərbaycan dövləti isə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəfləri bir-bir fəth etməkdə davam edir”, - deyə deputat vurğulayıb.