İQTİSADİYYAT
Azərbaycanda startaplara, biznesin inkişafına maraq daha da artıb
Bakı, 21 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycanda startaplara, biznesin inkişafına maraq daha da artıb. Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini elan edib. İKT mütəxəssisləri, startapçılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə çərçivəsində “www.data.gov.az” portalının Açıq Hökumət Məlumatlarından istifadə etməklə ictimai əhəmiyyətli mobil əlavələrin yaradılması nəzərdə tutulur. Müsabiqənin məqsədi portaldakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosialyönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Cəmşid Naxçıvanski jurnalistlərə müsahibəsində bildirib.
“Strateji Yol Xəritəsinin tələblərinə uyğun olaraq, ölkəmizdə elektron mühitin inkişafı qarşıya qoyulan əsas tələblərdən biridir. Bununla əlaqədar biz dövlət qurumlarının göstərdiyi açıq məlumatlar əsasında yeni “www.data.gov.az” “Açıq Hökumət Məlumatları” portalını hazırlamışıq. Hazırda portalda 654 xidmət istifadəçilər üçün açıq elan edilib və bununla bağlı “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsi keçirilir. Biz startapçıları və proqramçıları bu müsabiqədə fəal iştirak etməyə dəvət edirik”, - deyə C.Naxçıvanski vurğulayıb.