Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı mövzusunda müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 12 oktyabr, AZƏRTAC
Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə oktyabrın 12-də 1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Almaniyadan olan 150-yə yaxın yüksəkvəzifəli biznes nümayəndəsini bir araya gətirən tədbirdə “Azərbaycanda Su İnfrastrukturunun Dayanıqlı İnkişafı” mövzusunda müzakirələr aparılıb. Forumun əsas məqsədi yaşıl texnologiyalar sahəsinə maraq göstərən alman və Azərbaycan şirkətlərini, müvafiq iqtisadi və siyasi qurumların yüksəkvəzifəli nümayəndələrini, o cümlədən bu sahə üzrə mütəxəssisləri bir araya gətirərək aktiv təcrübə mübadiləsi üçün səmərəli bir platforma yaratmaqdır.
Forum “Azərbaycanda Su İnfrastrukturunun Dayanıqlı İnkişafı” mövzusu üzrə Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilən alman şirkət nümayəndələrinin Azərbaycana 4 günlük işgüzar səfəri çərçivəsində təşkil olunub.
“AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumann görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Azərbaycanda su təminatlarının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə hökumət tərəfindən həyata keçirilən bir sıra tədbirlər haqqında iştirakçılara məlumat verib. O, işğaldan azad edilmiş ərazilərin təbii sərvətlərindən dayanıqlı və səmərəli istifadə etmək üçün hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsindəki digər təşəbbüslərini və investisiya planlarını da təqdim edib. Nazir müavini, “AHK Azərbaycan”ın və Almaniya Federal Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu xüsusi platformanın, ölkənin müvafiq sahədə istifadə olunmamış potensialının qiymətləndirilməsində çox mühüm rol oynadığını bildirib.
Almaniyanın xarici iqtisadi siyasətinin çox vacib bir sütunu olan “AHK Azərbaycan” haqqında danışan Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq yerli bazar haqqında məlumatlılığı artırmaq üçün hər iki ölkənin yüksək səviyyəli tərəflərini bir araya gətirməkdə və yeni əməkdaşlıqların təməllərinin atılmasında palatanın vacib rolunu vurğulayıb. Səfir onu da qeyd edib ki, bu heyət səfərində yüksək səviyyəli alman KOBİ-lərinin iştirakı Almaniyanın Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərini (Məqsəd 6: Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək) reallaşdırmağa töhfə vermək istəyinin bariz nümunəsidir.
Rəsmi açılışdan sonra nümayəndə heyəti iştirakçılara öz şirkətlərini və texnologiyalarını təqdim edib.
Forum işini sənaye sahəsində suyun və tullantı sularının idarə edilməsində və kənd təsərrüfatında dayanıqlılıq mövzularında panel müzakirələri, interaktiv seminarlar və B2B görüşləri ilə davam etdirib.





Xəbərin mətnində orfoqrafik səhv var