ELM VƏ TƏHSİL
Azərbaycanda tibb elminin tarixi haqqında monoqrafiya nəşr edilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) baş direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin və Milli Onkologiya Mərkəzinin direktoru tibb elmləri doktoru, akademik Cəmil Əliyevin birgə müəllifliyi ilə “Azərbaycan tibb elminin tarixi” adlı yeni monoqrafiya nəşr olunub.
Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib.
Kitab AMEA Elm Tarixi İnstitutunun Elmi şurasının qərarı ilə çap olunub. Nəşrin “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru Ulduz Həşimova, rəyçi akademik Nərgiz Axundova, redaktorları isə ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və həmin şöbənin elmi işçisi Solmaz Namazovadır.
Kitab “Azərbaycan tibb tarixinin mənbəşünaslıq və tarixşünaslığının qısa xülasəsi”, “Qədim və erkən orta əsrlər dövrü Azərbaycanda tibbi biliklər”, “VII-XVIII əsrlərdə Azərbaycanda təbabət elmi”, “XIX-XX əsrlərdə Azərbaycanda tibb elmi”, “Müstəqil Azərbaycan Respublikası səhiyyəsinin və tibb elminin tarixi” fəsillərindən ibarətdir.
Monoqrafiya Azərbaycanda tibb elminin ən qədim zamanlardan müasir dövrə qədər keçdiyi inkişaf yolunun öyrənilməsinə həsr olunub. Tədqiqatın obyektini təşkil edən mövzu daha öncə bu qədər geniş və əhatəli araşdırılmayıb. Kitab tərtib edilərkən müxtəlif dillərdə qələmə alınmış əlyazma qaynaqlarından, tarixi mənbələrdən, arxiv materiallarından, statistik məlumatlardan və müasir tədqiqatlardan kompleks şəkildə istifadə olunub.
Kitab tələbələr, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.