MƏDƏNİYYƏT
Azərbaycanda turizm resurslarının statusu müəyyənləşəcəkdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Azərbaycanda turizm resurslarının dövlət kadastrı yaradılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu məsələ yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapmışdır. Yeni qanuna əsasən, dövlət kadastrında turizm ehtiyatlarının uçotu və qiymətləndirilməsi aparılacaqdır. Turizm resurslarının kadastrının yaradılması nəticəsində ölkənin turizm ehtiyatlarının statusu, yəni coğrafi yeri, sərhəd vəziyyəti, elmi, iqtisadi, ekoloji, mədəni dəyərləri, mühafizə rejimi, perspektiv istifadəsi müəyyənləşəcəkdir. Turizm resurslarının statusu müəyyənləşdikdən sonra isə artıq onun yerləşdiyi ərazi turizm zonası hesab ediləcəkdir.
Kadastr yaradıldıqdan sonra, həmçinin turizm resursları dövlət nəzarəti altında olacaq və fəaliyyəti qanunla tənzimlənəcəkdir.
Yeniliyin tətbiqində əsas məqsəd ölkədə turizm sahəsini inkişaf etdirməkdir.
“Turizm haqqında” yeni qanun layihəsi artıq müvafiq dövlət orqanları ilə razılaşdırılmışdır. Sənəd layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Layihə yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcəkdir.