İQTİSADİYYAT
Azərbaycandan Qazaxıstan istiqamətində bərə daşımalarına tətbiq ediləcək məhdudiyyət qərarına dəyişiklik edilib
Bakı, 4 mart, AZƏRTAC
Koronavirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra ölkəmizdən bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişinlərin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb.
Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.
Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub. Hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.