CƏMİYYƏT
Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edən şəxs saxlanılıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 24-də DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində bir nəfər xarici vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.
Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb.
Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oğlu olması müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.