CƏMİYYƏT
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr inkişaf edir
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados ilə görüşündə hər iki qurum arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Tərəflər əlaqələrin vəziyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, dövlət sərhədlərində əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.
Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsi, texniki təchizatının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.
BMqT-nin regional direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolunu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.