SİYASƏT
Azərbaycanın Dubaydakı Baş konsulluğunda Anım Gününə həsr olunmuş tədbir təşkil edilib
Qahirə, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Dubaydakı Baş konsulluğunda Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Türkiyənin Dubaydakı baş konsulu Mustafa İlker Kılıç, şəhid Emil Əhmədovun həyat yoldaşı və iki övladı, Vətən müharibəsi qazisi Orxan Həsənov, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov çıxışında qeyd edib ki, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan 44 günlük müharibə şəhidlərimizin və qazilərimizin rəşadəti nəticəsində Zəfərlə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 300-dən çox şəhər və kəndi işğaldan azad edib, Ermənistanı 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur edib. Baş konsul 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ərazilərində təbii sərvətləri talan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını diqqətə çatdırıb, əlavə edib ki, Prezident İlham Əliyevin göstərişi əsasında bu gün azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır, hava limanları inşa edilir, nəhəng yol infrastruktur layihələri icra olunur, habelə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir.
Baş konsul, həmçinin Zəfərin əldə edilməsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini xüsusi qeyd edib, müsəlman ölkələrinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini deyib.
Türkiyənin Dubaydakı baş konsulu Mustafa İlker Kılıç çıxış edərək vurğulayıb ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır və dahi siyasətçi Heydər Əliyevin məşhur kəlamında olduğu kimi, “bir millət, iki dövlət” olaraq birlikdə hərəkət edəcəyik. O, Azərbaycan şəhidlərinin ruhunun Türkiyədə də müqəddəs tutulduğunu bildirib.
Şəhid Emil Əhmədovun həyat yoldaşı Vüsalə Əhmədova Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, övladlarını da Vətənə məhəbbət ruhunda tərbiyə etdiyini söyləyib.
Vətən müharibəsi qazisi, Şuşaya qədər döyüş yolu keçmiş və görmə qabiliyyətini itirmiş Orxan Həsənov rəşadətli əsgərlərimizin – döyüş yoldaşlarının qəhrəmanlığından bəhs edib. O vurğulayıb ki, müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyanatları ilə daha da ruhlanan hərbçilərimiz düşmənı torpaqlarımızdan qovublar və onlar bundan sonra da ərazilərimizin müdafiəsi uğrunda əmrləri yerinə yetirməyə hazırdırlar.
Azərbaycanın Dubaydakı baş konsulu C.Hüseynovun Anım Günü ilə bağlı məqaləsi ərəb ölkələrinin 23 qəzet və portalında yayımlanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə