SİYASƏT
Azərbaycanın Moldovadakı səfirliyi Xocalı faciəsinin qurbanlarına həsr olunmuş tədbirlər keçirmişdir
Kişineu, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bu gün Azərbaycan Respublikasının Moldova Respublikasındakı (MR) səfirliyinin binası qarşısında matəm mitinqi keçirilmişdir.
Tədbirdə Kişineuda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə səfiri Mehmet Səlim Kartal, MR-in parlament vəkili (ombudsman) Aureliya Qriqoriu, Moldovanın Azərbaycandakı keçmiş səfiri İon Robu, “Memorial” Assosiasiyasının sədri Anjela Skripkara və bu təşkilatın üzvləri, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov, MAK-ın fəalları, Türkiyə diasporunun, KİV-lərin və Moldova ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimin iştirakçıları bir dəqiqəlik sükutla Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.
Matəm tədbirini giriş sözü ilə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun beynəlxalq-hüquqi aspektlərindən, Xocalı soyqırımından danışmışdır. Diplomat qeyd etmişdir ki, bu gün Azərbaycan üçün əsas məsələ bu münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Xocalı soyqırımı faktlarına xüsusi diqqət yetirilmişdir.
Mərasimdə şamlar yandırılmış, çiçəklər düzülmüş, bu mövzuya aid xeyli sayda ədəbiyyat, qəzet və press-reliz paylanmışdır.
Sonra paytaxt məscidində dua oxunmuş, ehsan verilmişdir.
Bu matəm günündən əvvəl səfirlik “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra tədbirlər keçirmişdir. Belə ki, fevralın 13-də və 15-də MR Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinə, bütün səfirliklərə, konsulluqlara və beynəlxalq təşkilatların bu ölkədə akkreditə olunmuş nümayəndəliklərinə, Moldovanın nazirliklərinə və müxtəlif baş idarələrinə, ictimai təşkilatlara, KİV-lərə, 500-dən artıq elektron ünvanın sahiblərinə Xocalı hadisələrinə həsr olunmuş xüsusi press-reliz göndərilmişdir. Bu material həm də AZƏRTAC vasitəsilə yayılmışdır.
Beləliklə, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) bəyanatı və “IRS Heritage” jurnalında çap olunmuş məqalə yayılmışdır.
Fevralın 19-da “İNFOTAQ” informasiya agentliyində Xocalı faciəsinə həsr olunmuş məqalə buraxılmışdır.
Səfirliyin dəstəyi və maliyyə yardımı ilə çıxan “Hüquq və politologiya” beynəlxalq elmi jurnalının yeni nömrəsində fəlsəfə doktoru Sevinc Ələkbərzadənin ingilis dilində “Sülhün təbliği və Xocalıya qarşı misli görünməmiş ədalətsizlik” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Fevralın 22-də Kişineuda çıxan “Ekspert Novostey” qəzetində “Xocalı – soyqırımı və hərbi cinayət” sərlövhəli geniş məqalə dərc edilmişdir. Məqalə Facebook səhifəsində də yerləşdirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu