QAN YADDAŞI
Azərbaycanın Pekindəki səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir VİDEO
Pekin, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ötən əsrin 90-cı ilində baş vermiş hadisələrin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov demişdir ki, Vətəninin azadlığını hər şeydən uca tutan Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı cinayətin mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı olduğunu qeyd edən diplomat bildirmişdir ki, bu hadisələr müstəqillik uğrunda mübarizəyə qalxmış xalqın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Sovet dövlətinin Azərbaycanda törətdiyi qanlı qırğından illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli hadisələri unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Səfir L.Qəndilov bildirmişdir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Sonrakı illərdə 20 Yanvar faciəsini törədənlər, bu qanlı cinayətin baş verməsində günahkar olanlar cəzalandırılmamış, hadisəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Sonda qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin