İQTİSADİYYAT
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun növbəti iclası keçirilib
Moskva, 22 may, AZƏRTAC
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes-klubunun növbəti iclası keçirilib. İclas bitkiçilikdə və heyvandarlıqda innovasiyalara, bu istiqamətdə iki ölkənin əməkdaşlığına həsr olunub.
Daha əvvəl xəbər verilmişdi ki, Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi “Russian Business Guide” jurnalı ilə birgə onlayn-müzakirələr silsiləsini davam etdirir. Növbəti onlayn- dəyirmi masa “Bitkiçilik və heyvandarlıqda innovasiyalar. Azərbaycan və Rusiyanın əməkdaşlığı” mövzusuna həsr olunmuşdu. Tədbir çərçivəsində aqrosənaye kompleksi sahəsində uğurlu sərmayə layihələrinin icrası üçün şərait yaradılması məsələləri müzakirə olunub, innovasiyalı işləmələr sferasında hər iki ölkənin təcrübə mübadiləsi nəzərdən keçirilib. Diskussiyaların moderatoru qismində Bisnes-klubun icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskaya çıxış edib.
İclası Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev açıb. O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında başlıca ticarət istiqamətlərindən biri kənd təsərrüfatıdır.
Diskussiyalarda Rusiyanın Azərbaycanda ticarət nümayəndəsi Ruslan Mirsayapov, RF-nin Azərbaycandakı səfirliyinin müşaviri Vasili Beldyuqin, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tədarük və təchizat” ASC-nin nümayəndəsi Hikmət Hüseynov iştirak ediblər.
Məruzə ilə çıxış edən “Şyolkovo Aqroxim” Səhmdar Cəmiyyətinin baş direktoru Salis Karakotov qeyd edib ki, Rusiya müəssisəsi Azərbaycan ilə fəal işləyir, bu ölkədə nümayəndəliyi var və əməkdaşlığı genişləndirmək niyyətindədir.
Meyvə və tərəvəzlərin saxlanılması, çeşidlənməsi, qablaşdırılması üzrə mərkəzin birgə inşası məqsədilə Azərbaycan ilə qarşılıqlı fəaliyyət barədə “Viktoriya Estet” şirkətinin baş direktorunun investisiya fəaliyyəti üzrə müavini Vaxtanq Saqareyşvili söhbət açıb. Fermer təsərrüfatlarında heyvandarlığın və quşçuluğun aparılmasında uyğunlaşdırılmış texnologiyalar və fermerlərin təlim sistemi barədə məruzə “Kapital-PROK” Səhmdar Cəmiyyətinin baş direktoru Svetlana Tananovaya məxsus idi. “Rosselxozbank”ın nümayəndəsi Aleksey Bolşakov ixracata yönəldilmiş aqrobiznes üçün dəstək tədbirlərini təqdim edib.
Tədbirdə Rusiyanın və Azərbaycanın 40-dan artıq aqrosənaye kompleksi şirkəti iştirak edib. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövzusu geniş olduğundan digər istiqamətlər Biznes-klubun növbəti iclaslarında müzakirə ediləcək.
Qeyd edək ki, bu qəbildən olan ilk tədbir aprelin 30-da təşkil olunub. “Rusiya-Azərbaycan logistikası” mövzusunda aparılan diskussiya çərçivəsində Azərbaycanın ixracat yüklərinin Rusiyaya daşınmasına pandemiyanın təsiri, Azərbaycan məhsullarının Rusiyanın regional bazarlarına çıxarılmasına logistika dəstəyi kimi məsələlər müzakirə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva