SİYASƏT
Azərbaycanın Rusiyadakı səfiri Moskvanın və bütün Rusiyanın patriarxına başsağlığı məktubu göndərib
Moskva, 12 iyun, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə başsağlığı məktubu göndərib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfir Polad Bülbüloğlu başsağlığı məktubunda vurğulayıb ki, o Azərbaycanın mədəniyyət naziri olarkən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrla dəfələrlə görüşüb, onunla siyasətdən iqtisadiyyata, incəsənətdən dinə qədər ən müxtəlif problemlərin geniş spektrini müzakirə edib.
Diplomat yazır: “Hər dəfə də ona xas olan yüksək mənəviyyat, müdriklik, sülhə nail olmaq arzusu və bacarığı məni heyrətləndirirdi. Rusiya Federasiyasında səfir işlədiyim illər ərzində bu nəcib insanla dəfələrlə görüşmüşəm, onunla birlikdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə, xalqlarımızın mənəvi cəhətdən zənginləşməsinə yönəlmiş çoxsaylı tədbirlər keçirmişik”.
P.Bülbüloğlunun sözlərinə görə, Ali Həzrətləri Aleksandr ata Azərbaycan Respublikasının ərazisində Yeparxiya fəaliyyətinin dirçəldilməsində və inkişafında müstəsna rol oynayıb. Azərbaycan ərazisində xristian mədəniyyət abidələrinin qorunub saxlanması və bərpa edilməsi işində onun çoxillik əməyi də yüksək qiymətə layiqdir.
Məktubda daha sonra deyilir: “Aleksandr ata xalqlarımız arasında dostluğun möhkəmlənməsinə böyük şəxsi töhfə verib. O, dini etiqadından və milliyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələri arasında çox böyük hörmət və etimad qazanmışdı. Onun nəcib əməlləri barədə xatirə qəlbimizdə əbədi yaşayacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva