SİYASƏT
Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub VİDEO
Ankara, 6 noyabr, AZƏRTAC
Böyük Qələbənin birinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Ankarada rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycanın parlament üzvləri, qardaş ölkənin hökumət və dövlət nümayəndələri, silahlı qüvvələrinin qoşun növü komandanları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ankaradakı diplomatik korpus nümayəndələri, qazilərimiz, tanınmış siyasətçilər, ictimai xadimlər, Azərbaycan diasporunun fəallarının iştirak etdiyi bayram tədbiri Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Vətən müharibəsi günlərində Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr əsasında hazırlanan film nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə dövlətinin 84 milyonluq xalqı ilə Azərbaycanın yanında olduğunu minnətdarlıq hissi ilə qeyd ediblər.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müharibədə əldə edilən Qələbə BMT Təhlükəsizlik Şurasının uzun illər boyu icra edilməyən qətnamələrini həyata keçirdi, üçrəngli Azərbaycan bayrağı Şuşa qalasından asıldı.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında bildirib ki, Türkiyənin qardaş Azərbaycana dəstəyi 44 günlük müharibə ilə məhdudlaşmır, bundan sonra da bütün sahələrdə davam edəcək. Nazir ümidvar olduğunu bildirib ki, bunun nəticəsində də sadəcə Azərbaycan və Türkiyə yox, bütün bölgə ölkələri əmin-amanlıq, rifah içində yaşayacaq.
Hazırda ən mühüm məsələlərdən biri Azərbaycan Silahlı Qüvvələrinin təlimi və təchizatıdır. Bu mənada gecə gündüz demədən, Türkiyə və Azərbaycan silahlı qüvvələri birlikdə işləyirlər. Təlimlər davam edir, Azərbaycan Silahlı Qüvvələrinin təchizatı üçün bütün tədbirlər görülüb və proses uğurla davam edir.
Bayram tədbiri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin orkestri, həmçinin Xalq artisti Azərinin və digər ifaçıların çıxışları ilə davam edib.
Vətənpərvərlik ruhundakı əsərlər, sevilən xalq və bəstəkar mahnıları, eləcə də digər milli rəqs havalarımız gecəni daha da rövnəqləndirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara