SİYASƏT


Azərbaycanın bölgədə əsas söz sahibinə çevrilməsi Soçi və Aşqabad görüşlərində də özünü büruzə verdi

Bakı, 3 dekabr, AZƏRTAC

Bu yaxınlarda Soçidə keçirilmiş ikitərəfli və üçtərəfli görüşün, eləcə də Aşqabadda İƏT-in Zirvə Toplantısının nəticələri Azərbaycanın diplomatik uğurlarının davam edirilməsindən xəbər verir. İki ildir ki, koronavirus pandemiyası dünyanı ağuşuna alsa da, ölkəmizin sosial-iqtisadi, siyasi-mədəni sahələrdə qazandığı nailiyyətlər bir-birini əvəz edir. Nəzərdə tutulan sosial layihələrin icrasının reallaşdırılması aztəminatlı ailələrin güzəranın daha da yaxşılaşdırılmasında müsbət rol oynayıb. Əlbəttə, bütün bunların pik nöqtəsi Ermənistan üzərində qazandığımız tarixi Qələbədir. Bu Zəfər ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini artırdı. Bu günlərdə Soçidə keçirilmiş üçtərəfli görüşdə, ardınca, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Zirvə Görüşündə əldə etdiyimiz uğurlu nəticələr xarici siyasətimizin davamlı olduğunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Soçi görüşü barədə danışan hüquq müdafiəçisi deyib: “Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibəsində də Soçi görüşünün nəticələrinin əhəmiyyətli olduğunu qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu görüşün yekununu Azərbaycanda çox müsbət qiymətləndiririk. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən, qəbul edilən nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir”.

Ç.Qənizadə Soçi görüşünün yekununun beynəlxalq aləmin də diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, dəmir və avtomobil yollarının, kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin açılması digər ölkələrin də iqtisadi inkişafına mühüm təsir göstərəcək. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında regionda iqtisadi əlaqələrin inkişafı ilə bağlı nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması Ermənistana ciddi mesaj oldu. Çünki Ermənistan bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına problem yaratmağa çalışır, amma Soçi görüşündə Rusiya Prezidentinin mövqeyi ermənilərin son ümidini də puç etdi. Görüşün nəticəsi bu məsələdə də ciddi irəliləyişin olacağından xəbər verir.

Soçi görüşündən bir gün sonra İƏT-in Aşqabadda keçirilən Zirvə Görüşündə də Zəngəzur dəhlizinin əhəmiyyətinin qeyd olunduğunu diqqətə çatdıran hüquq müdafiəçisi bunun Azərbaycanın mövqeyinin dəstəklənməsindən xəbər verdiyini qeyd edib: “Ümumiyyətlə, Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün yekunu və İƏT-in Aşqabadda keçirilən 15-ci Zirvə Görüşünün nəticəsi Azərbaycanın beynəlxalq aləmdəki növbəti uğuru, diplomatik qələbənin məntiqi davamı kimi qiymətləndirilməlidir. Hər iki görüşdə əldə olunan razılıqlar, ikitərəfli görüşlər imzalan sənədlər regionumuzun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Ümumilikdə bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir”.

Komitə sədri bildirib ki, İƏT-in Zirvə Görüşündə diqqət çəkən məqamlardan biri bu təşkilatda təmsil olunan dövlətlərin Azərbaycanla dostluq, müttəfiqlik nümayiş etdirməsi, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə görə, Azərbaycanı təbrik etmələri oldu. Ç.Qənizadə bunu çox mühüm hadisə adlandırıb. Çünki tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən dövlətlərdən üçü Ermənistanın da daxil olduğu KTMT-nin üzvüdür. Həmin ölkələrin liderlərinin Azərbaycanı qazandığı Qələbəyə görə təbrik etməsi Ermənistanın işğalçı olduğunu bir daha təsdiqləyib.

Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət başçıları ilə səmərəli işgüzar görüşləri, o cümlədən Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair üçtərəfli sazişin imzalanmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran hüquq müdafiəçisi Prezident İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüşün böyük maraqla izlənildiyni də qeyd edib. O deyib ki, bu görüş son vaxtlar iki ölkə arasında yaranmış soyuq münasibətlərə son qoyulması baxımından mühüm rol oynayıb. Hər iki liderin qarşılıqlı mesajları, yekunda imzalanan saziş, həmçinin qonşu ölkələrin rəsmi qurumları və şəxslərinin nümayiş etdirdikləri isti münasibətlər gələcək əlaqələrin inkişafında problemlərin aradan qaldırılacağına nikbin olmağa əsaslar yaradır.

Ç.Qənizadə əlavə edib ki, hər iki görüşün nəticələri Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilməlidir. Çünki bu görüşlər və imzalanan sənədlər bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.