CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb. Onların 16-sı Azərbaycan, 8-i Özbəkistan, 6-sı Tacikistan, 2-si İran, ikisi Pakistan, 1-i Rusiya, 1-i Moldova, biri Qırğızıstan, 1-i Şri-Lanka, 1-i Hindistan vətəndaşı olub.
Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını pozduqlarına görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olunduğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası olmadığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qaldığına görə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sərhədindən buraxılmayıb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kiloqram 758,88 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, bir ədəd “RQD-5” əl qumbarası, iki qayıq, bir xəncər, 35 min ABŞ dolları, 2 milyon 190 min Rusiya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 mobil telefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.