ELM VƏ TƏHSİL
Azərbaycanın elmi müəssisəsinin əməkdaşı Kembric Tibbi Araşdırmalar Mərkəzində tədqiqatlar aparıb
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva Böyük Britaniyanın Kembric Tibbi Araşdırmalar Mərkəzinin Molekulyar Biologiya İnstitutunda ezamiyyətdə olub. Ezamiyyət müddətində R.Məsməliyeva həmin institutun hesablama kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdovun rəhbərliyi altında elmi tədqiqatlar aparıb, rentgenostruktur kristalloqrafiya və elektron mikroskopiyası metodlarının əsasları, eləcə də makromolekulyar saflaşdırma mövzularında müzakirələr aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, R.Məsməliyeva, həmçinin hesablama kristalloqrafiyası qrupunun iclaslarına qatılıb, öz tədqiqat layihəsi ilə əlaqədar təqdimat edib. Aparılan tədqiqat işi uğurlu hesab edilib. Ezamiyyət çərçivəsində institutun əməkdaşı struktur araşdırmaları şöbəsinin bütün seminarlarında iştirak edib və struktur biologiyası sahəsindəki yeniliklər, qarşıda duran problemlərlə tanış olub.