SİYASƏT
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrundakı mübarizəsi əksər dünya ölkələri tərəfindən dəstəklənir
Bakı, 30 iyul, AZƏRTAC
Ölkəmiz həyata keçirilən düzgün siyasət və islahatlar sayəsində hərtərəfli və dinamik inkişaf edir. Azərbaycan beynəlxalq iqtisadi və siyasi müstəvidə gündən-günə güclənir. Bu inkişaf və gücün fonunda isə düşmən özünəməxsus “potensialla” çirkin niyyətini həyata keçirməyə çalışır, buna nail ola bilmədikcə isə Azərbaycana qarşı təxribat səciyyəli qeyri-konstruktiv əməllər nümayiş etdirir.
Prezident İlham Əliyev yüksək tribunalardan Ermənistan hakimiyyətinin xislətini və bunun doğurduğu regional təhlükələri bütün dünyaya tarixi dəlillərlə dəfələrlə bəyan edib.
Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün bərpası uğrundakı mübarizəsi əksər dünya ölkələri tərəfindən dəstəklənir. Düşmən artıq öz xislətini bəd əməlləri ilə ört-basdır edə bilməyəcəyini yaxşı anlayır və açıq təxribatlara əl atmağa başlayıb. İyulun 12-dən başlayaraq ölkəmizin sərhəd bölgələrində Ermənistanın silahlı qüvvələri iriçaplı silahlardan və artilleriya qurğularından Tovuz rayonunun yaşayış məntəqələrini və hərbi bölmələrimizin mövqelərini atəşə tutmaqla hücuma keçib. Lakin bu hücumun qarşısı ordumuzun hərbçiləri tərəfindən rəşadətlə dəf edilib, düşmənə sarsıdıcı zərbələr endirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Neft və Qaz İnstitutunun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov deyib. O bildirib ki, bu təxribatın arxasında Ermənistan vətəndaşlarının diqqətini düşdükləri mürəkkəb iqtisadi-siyasi vəziyyətdən yayındırmaq, özlərini təcavüzə məruz qalan yazıq cildində göstərməklə siyasi dividendlər əldə etmək dayanır.
Tovuz ərazisində gedən döyüşlər bir daha göstərdi ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü qorumaq və bərpa etmək gücündədir və qələbə heç də uzaqda deyil: “Azərbaycan Ordusu və xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib”.