İQTİSADİYYAT


Azərbaycanın informasiya texnologiya həlləri Asiya İnkişaf Bankının layihəsi çərçivəsində tətbiq edilmişdir

Bakı, 21 aprel (AZƏRTAC). Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans keçirilmişdir. Asiya bankı tərəfindən maliyyələşdirilən layihə Azərbaycanın SİNAM şirkəti tərəfindən həyata keçirilmişdir.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbəri Zamirbek Osmanov tədbir haqqında ətraflı məlumat verərək bildirmişdir ki, sistemin qiyməti 10 milyon ABŞ dollar təşkil edir. Artıq Qırğızıstanın vergi ödəyəcilərinin 61 faizi sistemin üstünlüklərini müsbət qiymətləndirmişdir. Bildirilmişdir ki, sistem çərçivəsində “Vahid pəncərə” xidməti tətbiq edilmişdir. Yoxlanışların keçirilməsi, hesab-fakturaların əldə olunması, bəyannamələrin baxılması və s. haqqında izahatlar və məlumatlandırma göstəriciləri üzrə çoxlu sayda müsbət dəyişikliklər mövcuddur.

SİNAM şirkətinin prezidenti Elçin Əliyev yeni sistemin strukturu və istifadə edilmiş texnologiyalar haqqında danışmışdır. Qeyd edilmişdir ki, Qırğızıstanda ilk dəfə olaraq elektron hökumət sistemi üçün lazım olan əlaqə mərkəzi, analitik hesabatlılıq altsistemi, elektron imza infrastrukturunun dəstəklənməsi, dövlət təşkilatları üçün elektron xidmətlər, vergi ödəyicilərinin təşkilatları üçün elektron xidmətlər və vətəndaşlar üçün elektron xidmətlər kimi bütün komponentləri əhatə edən tam inteqrasiya olunmuş sistem yaradılmışdır.

Konfrans zamanı Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbərliyi layihənin müvəffəqiyyətlə icra etdiyinə görə SİNAM şirkətinə öz dərin minnətdarlığını bildirmişdir.

Vurğulanmışdır ki, vergi inzibatçılığının islah edilməsi və təkmilləşdirilməsi bir neçə mərhələdə həyata keçirilmişdir. Avtomatlaşdırılmadan öncə tədris mərkəzi yaradılmışdır ki, bu da avtomatlaşdırma prosesi zamanı, demək olar ki, hər bir əməkdaşa (2300-dən çox) təlim keçmək imkanı yaratmışdır. Analitik sistemlərin yaradılması və hesabatlılığın qurulması məqsədilə tətbiq edilmiş həllər bütün təşkilat miqyasında ən yaxşı qərarın qəbul edilməsi üçün tam və vacib məlumatı vaxtında əldə etməyə imkan verən biznes-təhlil üçün nəzərdə tutulan müasir platformanı təmin edir.

Qırğızıstanın vergi xidmətinin informasiyalaşdırılması Asiya İnkişaf Bankının layihəsi çərçivəsində davam etdiriləcəkdir. Perspektivdə elektron xidmətlərin, vergi hesabatlarının və vergi ödənişlərinin elektron şəkildə təqdim edilməsi, digər qurumların məlumat sistemləri üçün elektron xidmətlər, internet və mobil bankçılıq kimi innovasiyalı vergi ödənişi üsullarının daha da genişləndirilməsi və təkmilləşdirilməsi planlaşdırılmışdır.

Gələcəkdə həmçinin risk-yönümlü vergi nəzarət sisteminin genişləndirilməsi, vergi daxilolmalarının mərkəzləşdirilmiş avtomatlaşdırılmış uçotu, üçüncü tərəflərlə məlumat mübadiləsinin genişləndirilməsi, Dövlət Vergi Xidmətinin əməkdaşlarının təlimi üçün elektron sistemin tətbiqi və digər bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.