İQTİSADİYYAT
Azərbaycanın nəqliyyatla bağlı infrastruktur layihələri regionda tamamilə yeni siyasi vəziyyət yaradır
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın nəqliyyatla bağlı infrastruktur layihələri regionda tamamilə yeni siyasi vəziyyət yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziyasına müsahibəsində deyib.
“Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır”, - deyə ölkə başçısı qeyd edib.