İQTİSADİYYAT


Azərbaycanla İran arasında İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub YENİLƏNİB

Tehran, 2 noyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi səfərdə olan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə digər qonşu ölkələrlə (Türkiyə və Rusiya) birgə iştirak, təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, kosmik sənaye, Azərbaycanın peyk resurslarından İranın istifadəsi, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin İranın özəl IT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsi, bunun üçün dekabrın 4-dən 7-nə kimi keçiriləcək “Bakutel-2018” sərgi-konfransının əlverişli platforma olduğu qeyd edilib.

İran tərəfi “Bakutel-2018” sərgisində İranın Milli pavilyonla təmsil olunacağını bildirib.

Kibertəhlükəsizliyin təmin olunmasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Eyni zamanda, startap ekosisteminin inkişaf etdirilməsi sahəsində birgə təcrübə mübadiləsi barədə də fikir mübadiləsi aparılıb.

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclaslarında müzakirə olunması qərara alınıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.