ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Rusiyada Antanta dövlətlərinin Cənubi Qafqaz siyasətindən danışıb
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) “Rusiyada 1917-ci il inqilabının 100-cü ildönümü” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, MDU-nun, Sankt-Peterburq Dövlət Universitetinin, Rusiya Elmlər Akademiyasının Tarix-Filologiya Bölməsinin və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirə 10-dan çox ölkənin tarixçi və siyasətşünas alimləri qatılıblar.
Konfransda Rusiyanın əməkdar elm xadimi, MDU-nun beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdiri, professor Pavel Çıqankovun sədrliyi ilə keçirilən bölmə iclasında M.Qasımlının “Fevral inqilabı və Antanta dövlətlərinin Cənubi Qafqaz siyasəti” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanlı alim Fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış şərait, Antanta ölkələrinin siyasətinin fəallaşmasının səbəbləri və həyata keçirilməsi üçün atılan praktik addımları ən mötəbər arxiv materialları, sənədli mənbələr əsasında iştirakçıların diqqətinə çatdırıb.