ELM VƏ TƏHSİL
Azərbaycanlı alim “Söz” Akademiyasının üzvü seçilib
Bakı, 16 iyul, AZƏRTAC
Türkiyənin “Söz” Akademiyasının rəhbəri, professor Hayrettin İvgin, Samsun şəhər Vəzirköyü bələdiyyəsinin nümayəndəsi İbrahim Sadık Edis, Rusiyanın Moskva Dövlət Humanitar və İqtisadiyyat Universitetinin müəllimi Səlvinaz İsmayılova Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Hayrettin İvgin akademik Muxtar İmanovu “Söz” Akademiyasının üzvü seçilməsi münasibətilə təbrik edib. Vurğulanıb ki, indiyədək akademiyanın 76 üzvü seçilib. Azərbaycanlı alim təltifə görə təşəkkürünü bildirib, elmi qurumlar arasında yaradıcı münasibətlərin davam etdirilməsinin vacibliyini bildirib. M.İmanov qonaqlara rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti və yeniliklər barədə məlumat verib.
Görüşdə bildirilib ki, Vəzirköyü bələdiyyəsi ilə Bakının Mehdiabad qəsəbə bələdiyyəsi “Ortaq şəhər” layihəsi hazırlayır. Layihəyə Folklor İnstitutunun da dəstək göstərməsi təklifi qəbul edib.
Sonda qonaqlara institutun nəşrləri hədiyyə edilib.