CƏMİYYƏT
Azərbaycanlı alim Ukraynada hüquq elmləri doktoru elmi dərəcəsi alıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanlı alim Vüsal Əhmədov Ukraynanın paytaxtı Kiyevdə hüquq üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin rəisi vəzifəsində işləyən Vüsal Əhmədov Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda yaradılmış ixtisaslaşmış müdafiə şurasında “Ukrayna və Azərbaycan Respublikası cinayət qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlərlə mübarizə” mövzüsunda doktorluq işini uğurla müdafiə edib. V.Əhmədovun dissertasiya işinə elmi məsləhətçiliyi tanınmış alim, hüquq elmləri doktoru, professor, akademik Aleksandr Kostenko edib.
Dissertasiya işi əsasında hazırlanmış monoqrafiya Ukraynanın Odessa şəhərində 2019-cu ildə işıq üzü görüb. Vüsal Əhmədovun dissertasiya işində hər iki ölkənin cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər verilib. Elmi əsər ədalət mühakiməsi əleyhinə olan cinayətlərin araşdırılması zamanı hər iki ölkənin alimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün faydalı mənbədir.