ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub

Bakı, 22 may, AZƏRTAC 

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev və AMEA-nın Birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin uzunmüddətli elmi əməkdaşlığı nəticəsində mənfi təzyiq modeli əsasında ekstremal geoloji proseslərin genezisinə prinsipial yeni yanaşma işlənib hazırlanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, nəzəri və eksperimental elmi-tədqiqat işlərinin nəticəsi onu deməyə əsas verib ki, Yer təkində baş verən bir sıra dinamik proseslərə mənfi təzyiq effekti və digər termohidrodinamik amillərin sinergetik təzahürü kimi baxmaq olar və mənfi təzyiq dalğaları geofizik proseslərin təkamül və təzahüründə həlledici faktorlardan biri olaraq dəyərləndirilməlidir. Təqdim olunmuş model ekstremal geoloji proseslərin (zəlzələlər, vulkanlar və s.) mexanizmi barədə bir sıra prinsipial suallara cavab verməyə imkan yaradıb.

Bu barədə ilkin məlumat hələ 2014-cü ildə Kanadada nəşr olunan “Applied Physics Research” jurnalında çap olunmuş məqalədə verilib və elmi dairələrdə böyük maraq doğurubdu. Daha sonra nüfuzlu beynəlxalq “Book Publisher International” nəşriyyatı mövzuya xüsusi diqqət yetirib və bu ilin əvvəlində məqalə daha geniş formatda “Fiziki elmlərin nəzəriyyəsi və tətbiqi” (“Theory and Applications of Physical Science”) kitabında, “Mənfi təzyiq dalğalarının geofiziki proseslərdə mümkün rolu haqqında” başlığı altında ayrıca fəsil şəklində dərc olunub.

Real hidravlik sistemlərdə mənfi təzyiq effekti ilk dəfə professor Fuad Vəliyev tərəfindən aşkar edilmiş və bu barədə məlumat hələ 1983-cü ildə “Journal of Engineering Physics” jurnalında dərc olunmuş məqalədə verilib. Mənfi təzyiq effekti enerjiqoruyucu texnologiyaların işlənib hazırlanması və neftçıxarma proseslərinin effektivliyinin artırılması məqsədilə istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.