SİYASƏT
Azərbaycanlı boksçu beynəlxalq turnirdəki döyüşünü Xocalı soyqırımının 20-ci ildönümünə həsr etmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Almaniyanın Hamburq şəhərində keçirilmiş peşəkar boks üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndəsi, IBF, TWBA, IBO–beynəlxalq, IBO-Inter-Continental versiyaları üzrə çempion Azad Əzizov döyüşünü Xocalı soyqırımının 20-ci ildönümünə həsr etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki,
rinqə “Sarı gəlin” mahnısının sədaları altında çıxan boksçumuzun İBO –beynəlxalq versiyası üzrə keniyalı çempion Nasser Athumani ilə görüşü heç-heçə nəticələnmişdir.
Azərbaycan ilə yanaşı, Almaniya, Macarıstan, Türkiyə, Polşa, Keniya, Çexiya və digər ölkələrin boksçularının iştirak etdiyi turnir Azərbaycanın Almaniyadakı səfirliyi, Maqdeburqdakı LBN boks klubunun, Azərbaycan Həvəskar Boks Federasiyasının və Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Turniri 600-dən artıq tamaşaçı izləmişdir. Tamaşaçılara Xocalı soyqırımı haqqında məlumat verilmiş, ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərin insanlığa qarşı yönəlmiş cinayət olduğu faktlarla nümayiş etdirilmişdir.
Turnir “Hamburq–1” televiziyası, FİGOSPORT, ECBOXİNG internet saytları vasitəsilə canlı yayımlanmış, Türkiyənin “Euro–D” kanalı tərəfindən lentə alınmışdır.