CƏMİYYƏT
Azərbaycanlı deputat AŞPA-da sosial medianın təhdidlərindən danışıb
Strasburq, 28 yanvar, AZƏRTAC
“Əvvəlcədən xəbər vermə, silahlandırmadır”. Bu atalar sözünün mənası xəbərin, məlumatın, əslində, bir silah olduğunu bildirir. Bu, sosial medianın həyatımıza gəlməsindən çox əvvəl mövcud olub. Deməli, informasiya, məlumat hələ keçmişdən böyük əhəmiyyət kəsb edib. İnformasiya siyasi, iqtisadi, hətta hərbi hakimiyyətin mənbəyidir. Bu gün kiçik bir qrup bütün informasiya yayımını əlində cəmləşdirib. Bütün məlumatlar bu kiçik qrupun əlindədir. Onlar böyük texnoloji kampaniyalardır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da keçirilən “Söz azadlığı “Big Tech” (böyük texnologiya) şirkətlərin təhdidi altında (AİHM-in 10-cu maddəsi)” adlı debatlarda azərbaycanlı deputat Nigar Arpadarai söyləyib.
İnformasiyanın əhəmiyyətindən danışan deputat bildirib ki, böyük texnologiya şirkətləri daha çox məlumat əldə edərək getdikcə zənginləşir və zənginləşdikcə məlumatın toplanmasına, onun emalına, informasiyaya daha çox sərmayə yatıraraq daha da güclənirlər.
“Bu gün həqiqət “Google”da axtarışlar sayəsində əldə olunur. “Big tech” kampaniyaları həyatımıza düşündüyümüzdən də çox təsir edir”, - deyən N. Arpadarai diqqəti böyük texnologiya şirkətlərinin təsir gücünə yönəldib. O, sosial medianın siyasi vasitə olduğunu bildirib, sosial şəbəkə sahiblərinin müəyyən siyasi gücləri və ya siyasi ideologiyaları təmsil etmələrinə dair dəlillərdən söz açıb. Sosial şəbəkələrin və böyük texnologiya şirkətlərinin seçkilər və ictimai iğtişaşlar kimi hadisələrin nəticələrinə təsir göstərməsinin sirr olmadığını deyib. Vurğulayıb ki, sosial şəbəkələrin və böyük şirkətlərin təsirləri nəzərə alınmalı və tənzimləmə mexanizmləri yaradılmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq