İQTİSADİYYAT
Azərbaycanlı diplomat Beynəlxalq Əmək Təşkilatı çərçivəsində fəaliyyət göstərən Hökumət Qrupunun sədri seçilib
Cenevrə, 20 iyun, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə BƏT-in ali orqanı olan Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilib. Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Sessiya çərçivəsində BƏT-in Rəhbər Orqanının iclasında Avropa regionundan namizədliyi irəli sürülmüş Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov 2018-2019-cu illər üçün Rəhbər Orqanın Hökumət Qrupunun sədri seçilib.
Hökumət Qrupunun ənənəvi rolu BƏT-in 56 üzv dövlətini birləşdirən Rəhbər Orqanının gündəliyində duran məsələlər üzrə hökumətlərin ümumi mövqeyinin formalaşdırılmasından ibarətdir. Qrupun sədri müxtəlif coğrafi regionları təmsil edən ölkələrin nümayəndələri ilə sıx əməkdaşlıqda üçtərəfli məsləhətləşmələrdə iştirak edir.
Azərbaycanın daimi nümayəndəsinin sədrliyi ilə bu Qrupun fəaliyyəti 2019-cu ildə keçiriləcək Beynəlxalq Əmək Konfransının növbəti sessiyasının sonunadək davam edəcək.
BƏT hökumət nümayəndələrini, işəgötürənləri və işçiləri bir araya gətirən BMT sistemində yeganə üçtərəfli təşkilatdır və bu sistemin ən qədim ixtisaslaşmış təşkilatı olaraq 2019-cu ildə 100 illik yubileyini qeyd etməyə hazırlaşır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə