ELM VƏ TƏHSİL
Azərbaycanlı şagirdlər Bolqarıstanda keçirilən Avropa Gənclər Olimpiadasında bürünc medal qazanıblar
Sofiya, 14 sentyabr, AZƏRTAC
Sofiyada İnformatika üzrə Birinci Avropa Gənclər Olimpiadası keçirilib. Bu mötəbər tədbirin məqsədi gənclərin informasiya texnologiyaları sahəsinə marağının təbliğ edilməsi və Avropada rəqabət qabiliyyətli proqram təminatının inkişafının təşviqi, eləcə də gənclər arasında informasiya texnologiyaları sahəsində ən yaxşı istedadların müəyyən edilməsidir. Olimpiada Bolqarıstanın Prezidenti Rumen Radev, Avropa Komissiyasının (AK) Təhsil, mədəniyyət, gənclər və idman üzrə Komissarı Tibor Navraçiç və AK-ın rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı Mariya Qabrielin himayəsi altında keçirilib. Sözügedən olimpiada Avropa Parlamentinin Bolqarıstandan olan deputatları tərəfindən dəstəklənir və İnformatika üzrə Beynəlxalq Olimpiadanın standart və qaydalarına riayət edir. Yarışlara Bolqarıstan Təhsil və Elm Nazirliyi, Sofiya şəhər Bələdiyyəsi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və elm və texnologiya parkı olan Sofiya Texnoloji Parkı ev sahibliyi edib.
Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radev, AK-ın Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı M.Qabriel və Bolqarıstan təhsil naziri Krasimir Vılçev çıxış ediblər.
AK-ın təhsil, mədəniyyət, gənclər və idman üzrə komissarı T.Navraçiçin olimpiada təşkilatçıları və iştirakçılarına müraciəti oxunub.
Prezident Rumen Radev rəqəmsal texnologiyanın müasir iqtisadiyyatın ən sürətlə inkişaf edən sektoru olduğunu qeyd edib, gənc nəslin erkən yaşlardan yeni texnologiyalara çıxış imkanını yüksək qiymətləndirib və mürəkkəb alqoritmləri inkişaf etdirmək, onları xüsusi proqram dilinə çevirmək və əməliyyat sistemlərinin tələblərinə uyğunlaşdırmaqla gənclərin texniki tərəqqiyə nail olmaqla yanaşı, həmçinin insan davranış modelini yaratdığını və gələcəyi idarə etdiyini söyləyib.
M.Qabriel cəmiyyətdə və iqtisadiyyatda rəqəmsal dəyişikliklərin çağırışlarına cavab verdiklərinə görə olimpiadada iştirak edən gənclərə təşəkkürünü ifadə edib, bu gündən etibarən onların yeni missiyasının – gələcəyin səfirləri olduğunu bildirib.
Öz çıxışında təhsil və elm naziri K.Vılçev olimpiada iştirakçılarının gələcəkdə əldə edəcəkləri nailiyyətlərin təkcə kompüterlər üçün xüsusi proqramlar deyil, cəmiyyətin gələcəyinin inkişafı ilə bağlı olacağını əlavə etdi.
Olimpiadada Azərbaycan, Bolqarıstan, Rusiya, Belçika, Ukrayna, Gürcüstan, Macarıstan, Polşa, Yunanıstan, Kipr, Fransa, Estoniya, Sloveniya, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Makedoniya, Latviya, Litva və Moldovadan olmaqla 22 ölkədən 89 şagird iştirak edib. Olimpiadada ölkəmizi Abutalıb Namazov (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey), Hüseyn Hacıyev (Bakı Avropa liseyi), Murad Eynizadə (Lənkəran şəhər 4 saylı orta məktəb), Əziz Hüseynov (Gəncə şəhər 26 saylı orta məktəb) təmsil ediblər. Yarışların ilk günündə iştirakçılar 4 saat ərzində 3 suala cavab tapmalı olublar. Bu mərhələdə maksimum xal 300 olub.
Olimpiada çərçivəsində iştirakçılar informasiya texnologiyaları sahəsində biliklərini nümayiş etdirməklə yanaşı, tədbirin proqramına uyğun olaraq Plovdiv şəhərinə səfər edərək şəhərin tarixi və mədəni irsini kəşf etmək imkanı əldə ediblər. Yarışlarda 8 iştirakçı qızıl, 15 iştirakçı gümüş və 22 iştirakçı bürünc medala layiq görülüblər. Komandamızın üzvü, Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 9-cu sinif şagirdi Abutalıb Namazov ölkəmizi layiqincə təmsil edərək olimpiadanın bürünc medalına layiq görülüb. Sofiyaya səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyində olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri ilə görüş keçirilib. Səfir Nərgiz Qurbanova səfirliyin fəaliyyəti, Azərbaycan-Bolqarıstan münasibətləri barədə məlumat verərək şagirdlərin olimpiadada iştirakı, ölkə haqqında təəssüratları ilə maraqlanıb, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqdan bəhs edərək bu əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya