ELM VƏ TƏHSİL
Azərbaycanlı uşaqlar xalqlar dostluğu festivalında “Sarı gəlin” rəqsini ifa ediblər
Moskva, 10 dekabr, AZƏRTAC
Moskva şəhərinin 31 nömrəli orta məktəbində xalqlar dostluğu festivalı keçirilib. Bayram şənliyində müxtəlif xalqların nümayəndələri iştirak ediblər. İstedadlı çıxışları ilə festivalın qonaqlarını sevindirən iştirakçılar öz xalqlarının mədəniyyətini və ənənələrini nümayiş etdiriblər. Səkkizinci sinif şagirdləri Kristina Artişşeva və Arina Ovçarenko festivalın aparıcıları olublar.
AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçiləri səhnəyə birinci çıxıblar. “Serpantin” Uşaq Yaradıcılığı Studiyasının yetirmələri xorovod ifa ediblər.
Sonra estafet Azərbaycana keçib. Krasnoqorsk şəhərinin 19 nömrəli məktəbinin 2-ci kadet sinfinin şagirdi Aysel Tağıyeva ingilis dilində mahnı ifa edib. “Milli studiya” rəqs qrupu “Sarı gəlin” və “Bayram” rəqslərini ifa edib.
Rusiya Yazıçılar İttifaqının və Beynəlxalq Şairlər İttifaqının üzvü, aktrisa və müğənni İlona Yankovskayanın ifasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılmış “Mavi dəniz” mahnısı səslənib.
Məktəblilər gürcü, yəhudi, qaraçı mahnı və rəqslərini də təqdim ediblər. Festival parlaq və maarifləndirici alınıb.
Festivala tamaşa edən müəllimlər, valideynlər və fəxri qonaqlar qeyd ediblər ki, belə tədbirlər gənc nəsildə müxtəlif mədəniyyətlərin təmsilçilərinə tolerant münasibət formalaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva