İQTİSADİYYAT
“Azərenerji” ASC-də elektrik enerjisinin ötürülməsi şəbəkəsi müasirləşdirilir
Bakı, 27 oktyabr, AZƏRTAC
“Azərenerji” ASC-də elektrik enerjisinin ötürülməsi şəbəkəsi müasirləşdirilir.
ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər ölkə enerji sisteminin yenidən qurulması istiqamətində gerçəkləşdirilən kompleks fəaliyyət nəticəsində elektrik enerjisinin ötürülməsi sahəsində əsaslı dəyişikliklərə nail olunub və infrastrukturun müasirləşdirilməsi üzrə bir çox işlər görülüb. 2017-ci ilin doqquz ayı ərzində elektrik enerjisinin ötürülməsi istiqamətində mühüm tədbirlər reallaşdırılıb.
Məhz mövcud qurğu və avadanlıqlarda, yüksəkgərginlikli hava xətlərində mütəmadi olaraq təftişlər aparmaq, nasazlıqları aşkar edib profilaktik tədbirlər görülməsi, habelə payız-qış mövsümünə hazırlıq tədbirlərini planauyğun şəkildə yerinə yetirilməsi əsas vəzifələrdən biri hesab olunur.
Yüksəkgərginlikli yarımstansiyalarda və elektrik verilişi xətlərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerji sistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, bu dövrdə Regional Elektrik şəbəkələrinin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Binəqədi”, “Ramana”, “Qala” “Binə” və bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Ümumilikdə bu dövr ərzində yarımstansiyalarda 145-dən artıq transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir.
Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb.
Elektrik verilişi xətlərində də görülmüş işlərin həcmi kifayət qədər böyükdür. Ümumilikdə, bu dövrdə balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 896 kilometrdən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11 min 400-ə yaxın izolyator, 70-dən artıq dayaq dəyişdirilib, 30-a yaxın dayaq isə təmir olunub.
Səhmdar Cəmiyyətdə Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı, eyni zamanda, sözügedən istiqamətdə də keyfiyyətcə yeni mərhələnin başlanılmasına, bu sahədə innovativ texnologiyaların tətbiqi ilə enerji sisteminin səmərəliliyinin yüksəldilməsinə və elektrik enerjisinin ötürülməsi infrastrukturunun daha da müasirləşdirilməsinə hesablanıb.