İQTİSADİYYAT
“Azerfon”, “OnAir” və “AZAL” şirkətləri müştərək müqavilə imzalamışlar
Müqaviləyə əsasən, “Azerfon” təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini təqdim edən ilk mobil operator olacaqdır
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də “Hilton Bakı” mehmanxanasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Azerfon” (Nar Mobile), Azərbaycan Hava Yolları (AZAL) və İsveçrənin “OnAir” şirkətləri birgə layihəyə başlamışlar. Bu layihə çərçivəsində “Azerfon” AZAL şirkətinə məxsus təyyarələrdə rabitə xidmətlərinin tam çeşidini sərnişinlərə təqdim edəcəklər.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azerfon” şirkətinin baş direktoru Yurqen Pits layihənin Azərbaycan üçün informasiya sahəsində irəliyə doğru atılan çox böyük bir addım olduğunu bildirmişdir. Vurğulamışdır ki, artıq sərnişinlər AZAL-ın təyyarələrində mobil xidmətdən istifadə edə biləcək və xidmətin hüququ yalnız “Azerfon” (Nar Mobile) şirkətinə məxsus olacaqdır. Səmada olduğu anda abunəçilərimizə tam mobil rabitə xidməti göstəriləcəkdir. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxilolma kimi digər funksiyalar daxildir. Səmada mobil rabitədən istifadə, təyyarənin qalxması və enməsi istisna olmaqla, bütün uçuş boyu mümkün olacaqdır.
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bu layihənin Azərbaycan hava sərnişin daşımaları tarixində və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mühüm hadisə olduğunu bildirmişdir. E.Hacıyev qeyd etmişdir ki, bu razılaşmaya əsasən, AZAL şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərəcəkdir.
“OnAir” şirkətinin baş direktoru Yan Dokins Azərbaycanın İKT-nin inkişaf səviyyəsinə görə regionun qabaqcıl ölkələrindən biri olmasını və “Azerfon”un Azərbaycanda innovativ texnologiyaları tətbiq etmək marağını nəzərə alaraq “Azerfon” və AZAL ilə əməkdaşlıq etdiklərini bildirmişdir. Layihənin yaxın bir zamanda nəticə verəcəyini söyləyən Y.Dokins tezliklə Azərbaycan vətəndaşlarının təyyarədə olarkən rabitə xidmətlərindən istifadə edəcəklərini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, “Azerfon” şirkətinin dəstəyi ilə digər MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanın Bakıda quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya uyğundur.
Tədbirin sonunda mətbuat nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.