REGİONLAR
“Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi infotur iştirakçılarda zəngin təəssürat doğurub
Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
20 oktyabr - Energetika günü münasibətilə “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün təşkil etdiyi infotur başa çatıb.
İki gün davam edən infoturda informasiya agentliklərinin, radio və televiziyaların əməkdaşlarından ibarət 30 nəfər iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müşayiəti ilə reallaşan infoturun ikinci günü, oktyabrın 15-də iştirakçılar cəmiyyət tərəfindən Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında görülən işlərlə tanış olublar.
Qəbələ Paylayıcı Şəbəkə Sahəsində aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı media təmsilçilərinin diqqətinə çatdırılıb ki, 2017-ci ilin 9 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün şəbəkənin balansında olan 10/0,4 kilovoltluq 18 transformator əsaslı, 34 transformator isə cari təmir edilib. 110/35/10 kilovoltluq “Qəbələ” yarımstansiyasındakı bir ədəd 16 və bir ədəd 25 meqavat gücündə transformatorların əvəzinə 40 meqavat gücündə 2 transformator quraşdırılıb.
Media təmsilçiləri sonra Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 2017-ci ilin ötən dövründə Şəki Elektrik Şəbəkəsinin balansında olan 6/10/0,4 kilovoltluq 26 transformator əsaslı, 97 transformator isə cari təmir edilib. Rayonun Baş Göynük, Kiçik Dəhnə, Köndələn, Bolludərə, Sarıca, Qayabaşı və Qaratorpaq kəndlərində 0,4 kilovoltluq elektrik veriliş xətlərində 605 ədəd yeni metal və dəmir-beton dayaq basdırılıb.
Sonra infotur iştirakçıları rayonun Cəfərabad kəndinə gəliblər. 2016-cı ilin oktyabrında istismara verilən 110/35/10 kilovoltluq “Cəfərabad” yarımstansiyası ilə tanışlıq zamanı məlumat verilib ki, burada hər birinin gücü 10 meqavat olan 2 transformator quraşdırılıb. Yarımstansiya ətrafdakı 23 kəndin əhalisinə xidmət göstərir.
İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Qax Elektrik Şəbəkəsinin xidməti ərazisindəki yarımstansiyalarda da genişmiqyaslı tədbirlər həyata keçirilib. 1958-ci ildə inşa edilən 35/10 kilovoltluq “Qax” yarımstansiyası tamamilə ləğv edilərək, yerində müasir standartlara uyğun 110/35/10 kilovoltluq yeni yarımstansiya quraşdırılıb. Yarımstansiyanın qidalanması üçün 78 yeni dayaq basdırılıb, 12 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. Yeni yarımstansiyanın istifadəyə verilməsi nəticəsində şəhər əhalisi ilə yanaşı, iqtisadi və sosial təyinatlı obyektlərin, həmçinin turizm sektorunun da fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi təmin olunub.
İnfotur iştirakçıları həmin gün Oğuz, Zaqatala və Balakən rayonlarının elektrik şəbəkələrində aparılan yenidənqurma işləri ilə də tanış olublar.
“Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi infotur iştirakçılarda zəngin təəssürat doğurub.