REGİONLAR
“Azərişıq” ASC-nin rəhbərliyi İmişlidə vətəndaşları qəbul edib
Bakı, 11 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov İmişlidə ASC-nin Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçirib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbulda İmişli ilə yanaşı, Beyləqan, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. V.Əhmədov ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda 46 vətəndaşın müraciətini dinləyib. O, bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün "Azərişıq" ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanlar isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.