İQTİSADİYYAT
“Azərişıq”: İlin sonunadək texniki itkilərin çəkisinin 0,1-0,2 faiz azalmasına nail olunacaq
Bakı, 4 aprel, AZƏRTAC
İlin sonuna qədər enerji sahəsində texniki itkilərin xüsusi çəkisinin daha 0,1-0,2 faiz azalmasına nail olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Həbibbəyli mətbuat konfransında səsləndirib.
İtkilərin minimuma endirilməsi ilə bağlı tədbirlərin davam etdiyini söyləyən V.Həbibbəyli energetika sisteminin maliyyə vəsaitinə və sərmayəyə ehtiyacı olduğunu da diqqətə çatdırıb. Qoyulan vəsaiti isə bir neçə ildən sonra qaytarmaq mümkündür.
O, həmçinin alınan elektrik enerjisinin həcminin aşağı düşməsi barədə də məlumat verib. Belə ki, 2015-ci ildə alınan elektrik enerjisinin həcmi 19 milyard 688,4 milyon kilovat-saat idisə, 2018-ci ildə bu göstərici 18 milyard 785,6 milyon kilovat-saat olub.
“Azərişıq” tərəfindən görülən tədbirlərin nəticəsidir ki, istehlakçı tələbatının artmasına baxmayaraq, elektrik enerjisinin həcmi aşağı düşüb,” - deyə V.Həbibbəyli vurğulayıb.