REGİONLAR
“Azərişıq” sədri Naftalanda vətəndaşlarla görüşüb
Bakı, 6 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 6-sı saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Naftalan şəhəri, H.Əliyev prospekti, 73 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.