İQTİSADİYYAT
“Azərkosmos” ASC və “Gilat” şirkəti “Azerspace-1” peyki üzərindən birgə xidmət göstərəcəklər
Bakı, 4 dekabr, AZƏRTAC
Qafqazın yeganə peyk operatoru “Azərkosmos” ASC ilə dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə lider olan “Gilat Satellite Networks Ltd.” arasında “Azerspace-1” peyki üzərindən müştərilərin tələblərinə cavab verən və geniş tətbiq sahələrini əhatə edən peyk xidmətləri üçün “Sky Edge II-c” şəbəkəsinin istifadəsinə dair müqavilə imzalanıb.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, imzalanma mərasimində “Gilat”ın baş icraçı direktoru Erez Antebi Azərbaycanın son illərdə kosmos sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib: “Biz Azərbaycanın və Mərkəzi Asiya regionunun aparıcı peyk operatoru tərəfindən seçildiyimiz üçün çox şadıq. “Azərkosmos” ilə birgə müştərilərə, özəl və dövlət sektorundan olan qurumlara yüksək kommunikasiya xidmətlərinin göstərilməsi qürurverici haldır.”
Qeyd edək ki, “Gilat Satellite Networks Ltd.” peyk əsaslı genişzolaqlı kommunikasiya məhsulları və xidmətləri təklif edən aparıcı şirkətdir. “Gilat” müxtəlif növ yüksək keyfiyyətli yerüstü avadanlıq və VSAT-ların istehsalı və satışını həyata keçirir, mobil SOTM (Satellite-on-the-Move) həllər, aşağı hündürlüklü antenalar, yeni nəsil tranzistor gücləndiriciləri və modemlər təklif edir. 25 ildən çox təcrübəyə malik və 85-dən çox ölkəyə bir milyondan artıq məhsul ixrac edən “Gilat” şirkət və operatorların yüksək etibarlı peyk əsaslı rabitə və mobil həllərlə təchizatını həyata keçirir.