İQTİSADİYYAT
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqçası hazırlayıb
Bakı, 22 iyun, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi rəsm müsabiqəsi başa çatıb.
NRYTN-dən AZƏRTAC-a bildiriblər ki, "Yaşa, Azərbaycanım!" şüarı ilə müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.
Müsabiqəyə 5-14 yaşlı uşaqlar tərəfindən təqdim olunmuş 200-ə qədər rəsm əsərindən 93-ü sərgidə nümayiş olunmaq üçün seçilib. Bu rəsmlərdən 12-si "Azərmarka" MMC tərəfindən seçilərək, poçt açıqçası kimi çap olunub. Rəsmləri sərgidə nümayiş üçün seçilənlər arasında 5-6 yaşlı uşaqlar üstünlük təşkil edib.
Müsabiqənin qalibləri isə peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçilib. Beləliklə, I yerin qalibi 6 yaşlı Mehin Süleymanzadə, II yerin qalibi 14 yaşlı Fuad Anzurov, III yerin qalibi isə 7 yaşlı Zəhra Məmmədzadə olub.
Qaliblər və seçilmiş rəsmlərin müəllifləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Azercell Telekom" MMC tərəfindən mükafatlandırılıb.