CƏMİYYƏT
Azərpaşa Nemətov: Yaşıllaşdırma tədbirinin davam etdirilməsi yaxın illərdə ölkəmizi gülüstana çevirəcək
Bakı, 6 dekabr, AZƏRTAC
Mən öz həyatım boyu Bilgəhdə, Mərdəkanda, Maştağada, Pirşağıda ata-baba yurdumda, qohumların bağında çoxlu ağac əkmişəm. Hətta qol-budağı sınan çoxlu ağaca ata-babalardan, yaşlılardan öyrəndiyim üsulla yeni həyat vermişəm. Bunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov AZƏRTAC-ın müxbirinə deyib.
O, söhbətinə davam edərək bildirib: “Lakin bugünkü ağacəkmə tədbiri onların hamısından fərqlənir. Məsələ burasındadır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çox faydalı və xeyirxah bir işdir. Təbiətə, ana torpağa məhəbbəti olan heç kəs gərək bu kampaniyadan kənarda qalmasın. Bu, ekologiyanın, ətraf mühitin qorunmasına və sağlamlaşmasına yönələn olduqca vacib bir məsələdir. Hər bir ağacın ətrafa nə qədər oksigen verdiyini, nə qədər toz-torpağın, nə qədər səs-küyün qarşısını aldığını nəzərə alsaq, onda bu faydalı təşəbbüsün necə böyük əhəmiyyət daşıdığını təsəvvür etmək elə də çətin deyil”.
Xalq artisti bir arzusunu da ifadə edib: “Hesab edirəm ki, belə gözəl təşəbbüslər hamının ürəyindəndir və davamlı olmalıdır. Onun davamlı xarakter alması ölkəmizin yaxın illər ərzində yaşıllıqlar məskəninə, gülüstana çevrilməsinə səbəb olar”.