İQTİSADİYYAT
“Azəryolservis” ASC: Bəzi səriştəsiz sürücülər qarlı-şaxtalı havada yoldakı vəziyyəti düzgün qiymətləndirə bilmirlər VİDEO
Bakı, 9 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC
Ötən gecədən başlayaraq bu gün səhər saatlarınadək paytaxt yollarına növbətçi briqadalar tərəfindən qum-duz qarışığı səpilib, nəqliyyatın normal hərəkəti təmin edilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a deyib ki, ötən gecədən başlayaraq, qurumun texnikaları tabeliyimizdə olan paytaxt yollarının qardan təmizlənməsinə səfərbər edilib: “Bəzi səriştəsiz sürücülər qarlı-şaxtalı havada yoldakı vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Onlar nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiklərindən həm digər avtomobillərə, həm də yollarda aparılan təmizlik işlərinə mane olurlar. Lakin çətinliklərə baxmayaraq, yolların təmizlənməsi davam etdirilib. Qurumun yol-istismar idarələri ehtiyac yaranacağı təqdirdə gün ərzində də yolların təmizlənməsi ilə məşğul olacaqlar”.
P.Mürsəliyev əlavə edib ki, yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə qurum tərəfindən lazımi tədbirlər görülür. ASC-nin bütün istismar idarələri hava şəraitinin dəyişməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilib. Yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə respublika üzrə, ümumilikdə, 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz tədarük olunub və 1050-yə yaxın texnika tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, ötən gecə paytaxtda ən uzun tıxac Tbilisi prospektində, “20 Yanvar” dairəsində və Moskva prospektində yaranıb və Bakı-Sumqayıt yolunadək davam edib.