İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyi Qala sahəsində 4 yeni utilizasiya quyusunu istismara verib
Bakı, 3 iyul, AZƏRTAC
İyunda “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Qala sahəsində lay sularının tam utilizasiya edilməsi üçün əlavə olaraq 4 yeni seçilmiş utilizasiya quyusu təmir olunaraq istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, hasilat tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görür. Birliyin H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində lay sularının tam utilizasiya edilməsi üçün 4 yeni seçilmiş utilizasiya quyusu təmir olunaraq istismara verilib. Hazırda Qala sahəsində gündə orta hesabla 1500 kubmetr lay suyu 14 quyuya utilizasiya olunur.
İdarənin Zirə sahəsində isə ləğv edilmiş quyuların ətrafı abadlaşdırılıb. Hazırda Ə.C.Əmirov adına, H.Z.Tağıyev adına, “Bibiheybətneft”, “Siyəzənneft” NQÇİ-lərdə ləğv edilmiş 50 quyunun üzərində reperlər quraşdırılır, 13 fəaliyyətdə olan quyunun ətrafında abadlıq və yaşıllaşdırma işləri görülür.
Bu ay birlik üzrə ekologiya və əməyin mühafizəsinə dair 16 mövzuda maarifləndirmə və təbliğat işləri aparılıb, 24 ekoloji monitorinq keçirilib, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq işlər görülüb.