İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏ YARIŞI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışları başa çatmışdır. Həmin gün Azərbaycan gimnastları Dinara Gimatova və Anna Qurbanovanın da iştirak etdikləri çoxnövçülük yarışları adlı-sanlı Rusiya idmançısı Alina Kabayevanın növbəti qələbəsi ilə qurtarmışdır. Alina ümumən 105.325 bal toplamışdır. Gümüş medalı qazaxıstanlı Aliyə Yusupova (97.425), bürünc mükafatı rusiyalı Olqa Kapranova qazanmışlar. Dinara Gimatova 93.050 bal ilə 4-cü, Anna Qurbanova (88.425) 8-ci yeri tutmuşlar.
Yarışların ən yaxşı idmançısı hesab olunmuş Alina Kabayevaya Azərbaycan Gimnastika Federasiyasının xüsusi kuboku da təqdim edilmişdir.
Beynəlxalq Gimnastika Federasiyası baş katibinin müavini Andre Qaysbuxler mükafatların təqdim olunması mərasimində çıxış edərək, bu mötəbər yarışlara hazırlığın yüksək səviyyədə təşkil edildiyini vurğuladı və buna görə Azərbaycan Milli Olimpiya Komitəsinə, Gimnastika Federasiyasına təşəkkürünü bildirdi. O, Beynəlxalq Gimnastika Federasiyasının xüsusi vımpelini milli federasiyanın vitse-prezidenti Altay Həsənova təqdim etdi.
Sonra yarış iştirakçılarının və gənc Azərbaycan idmançılarının nümunəvi çıxışları oldu.