REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 9-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul, Göyçay və digər rayonlardan gətirilmiş məhsullar təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirmişdir ki, bazar günü burada 11,2 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2 ton kartof, 4 ton meyvə, 10 min ədəd yumurta təklif olunmuşdur. İki gün ərzində əhaliyə 33,5 ton məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ucar, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilən məhsulların çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada əhaliyə 2,5 ton ağartı, 84,6 ton meyvə, 75,5 ton tərəvəz, 16, 5 ton ət və digər məhsullar satılmışdır. Yarmarkada alma, nar, xurma, qoz, fındıq, kartof, ət, bal və s. üstünlük təşkil edirdi. Burada ət və süd məhsulları müayinədən keçirildikdən sonra satışına icazə verilirdi.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya müxtəlif çeşiddə təzə meyvə-tərəvəz və süd məhsulları çıxarılmışdı. Bu məhsullar bazardakından xeyli ucuz qiymətlərə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sabir Əhədov bildirmişdir ki, şənbə və bazar günlərində Bərdə, Goranboy və Ağstafa rayonlarının fermerləri yarmarkada 25 tonadək çuğundur, alma, nar və digər meyvə-tərəvəz məhsulları satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında satışa Qazax və Ağsu rayonlarından gətirilmiş 22 tondan çox məhsul çıxarılmışdı. Alıcılar qiymətlərin münasib olduğunu bildirirdilər.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada iki gün ərzində Xaçmaz, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan fermerləri 100 tona yaxın meyvə-tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, İmişli, Giləzi broyler fabriklərinin təmsilçiləri isə 1,5 ton toyuq əti və 30 min ədəd yumurta satmışlar.