REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 14 dekabr (AZƏRTAC). Dekabrın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul təklif edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, şənbə və bazar günü Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 86,6 ton meyvə-tərəvəz satılmışdır.
Paytaxt sakinləri yarmarkada kənd təsərrüfatı məhsullarının ucuzluğundan, alış-veriş üçün yaradılan əlverişli şəraitdən razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Ağcabədi, Quba, Biləsuvar, Qax, Kürdəmir və digər rayonların rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, konserv məhsulları, ət və ağartı təklif edirdilər. Bazar qiymətlərindən çox ucuz olan bu məhsullar alıcılar tərəfindən həvəslə alınırdı.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 22,6 kartof, 120 ton meyvə və digər məhsullar satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya fermerlər Ağsu və Qazaxdan müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları gətirmişdilər. Şəhər sakinləri həmin məhsulları bazardakından 25-30 faiz ucuz qiymətlərə ala bildiklərini söyləyirdilər. Şənbə və bazar günlərində burada 15 tonadək meyvə-tərəvəz və bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bazar günü satışa Goranboy, Bərdə və Ağstafa fermerləri ucuz qiymətlərə kartof, nar, alma, kələm, pomidor və digər məhsullar çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 31,4 ton məhsul satılmışdır.
Alıcılar məhsulun keyfiyyətindən və qiymətindən razılıq edirdilər.