İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 2 milyon 50 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4937 manat olmuşdur. Təklif 2 milyon 50 min dollar və tələb 1 milyon 860 min dollar olduğu halda manatın məzənnəsi 3 bənd qalxaraq, 1 dollar üçün 4934 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4933,97 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 4 milyon 647 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 22,928 milyarddır. Bir əqdə, orta hesabla, 663 857 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,441 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Martın 10-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.