İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon 500 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4919 manata bərabər olmuşdur. Təklif 1 milyon 500 min dollar və tələb 1 milyon 400 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və bir dollar üçün 4918 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4918,90 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 260 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 1 milyard 279 milyon qədərdir.
BEST-də USD/AZM T+1 və T+2 alətləri üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 166,20 manat məzənnə ilə üst-üstə 850 min rubl məbləğində əqd bağlanmışdır.
AVR/AZM alətləri üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3 milyard 117 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 8-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.