İQTİSADİYYAT
BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNƏ VURULAN NEFT MARTDA CEYHAN TERMİNALINA ÇATACAQDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, ötən ilin mayında Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinə vurulan neft martda Ceyhan limanına çatacaqdır. Kəmərin Türkiyə hissəsinin və Ceyhan terminalının rəsmi açılışı da neft Ceyhana çatandan və ilk tankerə doldurulandan sonra keçiriləcəkdir.
Hazırda Ceyhan terminalında istismar sınaqları aparılır. Sınaqlardan sonra terminal nefti qəbul etməyə tam hazır olacaqdır.
Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1.768 kilometrlik xəttin doldurulması üçün ümumilikdə 10 milyon barrel neft tələb olunur.
İndiyədək vurulan 5 milyon barrel neft kəmərin 1070 kilometr uzunluğu olan Türkiyə hissəsi ilə irəliləməkdədir. Ceyhan yeddi neft çənindən, eləcə də eyni vaxtda 300 min tonluq iki tankeri neftlə doldurmaq imkanına malik 2 kilometr uzunluğunda yanalma körpüsündən ibarətdir.